2015-ci ilin 25-27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində BMT Baş Assambleyasının müvafiq qətnaməsi ilə 2030 Gündəliyi və bunun nəzdində, 17 məqsəd və 169 hədəfdən (244 göstərici) ibarət Dayanıqlı İnkişaf Məqsədləri (DİM) qəbul olunmuşdur.
“Qlobal Məqsədlər” kimi də tanınan DİM-lər Minilliyin İnkişaf Məqsədlərinin (MİM-lər) əldə etdiyi nəticələrə əsaslanır və daha da irəli gedərək, yoxsulluğun bütün formalarının aradan qaldırılmasını hədəfləyir. Yeni DİM-lərin özünəməxsusluğu onların bütün ölkələri, o cümlədən yoxsul, zəngin və orta gəlirli ölkələri planetin mühafizəsini təmin etmək şərtilə, tərəqqini təşviq etmək üçün tədbirlər görməyə səsləməsində əks olunur. DİM-lər təsdiq edir ki, yoxsulluğun aradan qaldırılması iqtisadi artımın təmin edilməsinə yönələn strategiyalarla əlaqəli şəkildə həyata keçirilməlidir. Onlar təhsil, sosial müdafiə və məşğulluq imkanları da daxil olmaqla geniş spektrli sosial ehtiyacları və bununla yanaşı, iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsini ön plana çəkir.
Azərbaycan isə öz növbəsində 17 məqsəd, 88 hədəf, 119 göstəricini prioritet kimi seçmişdir.